Ekstremal İdman yürüşlərinin rayonlarda inkişaf etdirilməsi Federasiyanın qarşısında duran məqsədlərdən biridir. Bu məqsədlə Muxtar Respublikanın rayonlarında gənclər və yeniyetmələrlə görüşlər təşkil olunmuş marifləndirmə işləri aparılmışdır. Bu sahəyə gənclərin marağı böyük olduğundan Federasiya Ekstremal idman yarışlarında 500-dən artıq oğlanlar və qızlardan ibarət idmançıları öz ətrafında cəmləşdirmişdir.
Gənclərin və yeniyetmələrin iştirakı ilə 2017-ci ilin aprel və may aylarında Şərur, Babək, Culfa, Ordubad, Kəngərli, Şahbuz və Sədərək rayonlarında yürüş təşkil olunmuşdur. Ekstremal idman yürüşləri “Zərərli vərdişlərə yox deyək və həmişə sağlam olaq” devizi altında keçirilmişdir. Keçirilən yarışlarda Muxtar Respublikanın təbiəti, tarixi mədəniyyət və təbiət abidələri haqqında iştirakçılara geniş məlumat verilmişdir. Bu səbəbdən də yeniyetmələrin bu idman növünə marağı kütləvi şəkildə artmışdır.
Hər bir rayonda Ekstremal idman yürüşləri təşkil olunmuş, ümumilikdə 1275 – dən artıq idmançının iştirakı təmin olunmuşdur. Qaliblər Hava və Ekstremal İdman Növləri Federasiyasının rayon bölmələrinin idman geyimləri, idman çantaları, Gənclər və İdman İdarələrinin və Təhsil şöbələrinin diplomları və fəxri fərmanları ilə təltif olunmuşlar.
Naxçıvan Muxtar Respublikasının Kəngərli, Ordubad və Babək rayonlarında Federasiyanın rayon bölmələrinin, rayon Gənclər və İdman İdarələrinin və Təhsil şöbələrinin birgə təşkilatçılığı ilə 2017-ci ilin aprel və may ayları ərzində velosiped yürüşləri üzrə rayon birincilikləri keçirilmişdir. Keçirilən yarışlarda ümumilikdə 450-ə yaxın velosipedçi yarışlarda öz güclərini sınamışlar. Hər bir yarışın keçirilməsində məqsəd gənclərin texniki idman növünə marağını artırmaq və idmanın bu növündə gənclərin kütləvi iştirakını təmin etmək məqsədi daşıyır.
Velosiped yarışlarında qızlar və oğlanlar iştirak etmişlər. Birinciliklərin qalibləri diplomlarla və hədiyyələrlə təltif olunmuşlar.